Azərbaycan velosipedçisi Belçikada çempion oldu
Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub. SportLine.az xəbər verir ki, 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış təmsilçimizin solo-finişi ilə yadda qalıb.
Bu ilin iyununda keçirilən Azərbaycan çempionatının qalibi olmuş Kiril Pozdnyakov çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat, 45 dəqiqə, 30 saniyəyə başa vurub və ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.
Qeyd edək ki, 1954-cü ildən etibarən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır və müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.
Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatı