Azərbaycan Voleybol Federasiyasının prezidenti yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub.

Sportline.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.

Federasiya rəsmiləri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşq prosesini izləyib, təlim-məşq prosesinin gedişatı, həmçinin idmançıların və məşqçilərin problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, iyunun 24-də start götürmüş toplanışda Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən olan 2008-2012-ci il təvəllüdlü 24 idmançı iştirak edir. Təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət yığmaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir. Ona yeniyetmə, gənc oğlanlardan ibarət millilərin köməkçi məşqçisi Vahid Seyed Abbasi, fiziki məşqçi İraj Müqəddəm və RVK-ların (Gəncə, Oğuz, Hacıqabul) məşqçiləri kömək edirlər.