"Pley-offa qədər gəlməyimiz də uğurdur"

"Hapoel"in (Beer Şeva, İsrail) baş məşqçisi Ran Kojuk Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Sabah"a uduzaraq mübarizəni dayandırmaqları haqda danışıb.

Sportline.az xəbər verir ki, onun komandası ilk görüşdə 2:1 hesabı ilə qalib gəlsə də, cavab matçında 2:5 hesabı ilə məğlub olub.

Mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında artıq qarşıdakı matçlara köklənəcəklərini deyib: 

"Çətinliklərimiz var idi. Bu, nəticədə özünü göstərdi. Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq".

O, oyunun gedişatında futbolçusu Migel Vitorun zədələnməsinə də toxunub: "Futbolda belə hallar olur. Bəzən istəmədiyin ssenarilərlə qarşılaşırsan".

Baş məşqçi məğlubiyyətə görə məyus olduqlarını, lakin irəliyə baxacaqlarını söyləyib: "Qarşıdakı matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, bugünkü məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bugünkü matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik".

R.Kojuk bu məhələyədək irəliləmələrinin də bir uğur olduğunu vurğulayıb: "Pley-offa qədər gəlməyimiz də uğurdur. Bunlar da futbolun bir hissəsidir. Mən düşünürəm ki, oyunda diqtə edən tərəf olmağı həmişə yüksək səviyyədə qoruyub-saxlamaq lazımdır.  Futbolçularımızın zəhmətinə və gücünə güvənirik. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib-çıxan komandamız var. O qədər də sadə məsələlər deyil. Çətin və məsuliyyətli yoldur. Əla oyunçularım var. Həm də təcrübəlidirlər. Biz bilirik ki, birlikdə cəhdlərimizi birləşdirsək, böyük nəticələr qazanacağıq".