Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçilib
Bakıda Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib.
Sportline.az xəbər verir ki, konqresdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Vasili Otkidaç, Asiya Universal Döyüş Federasiyasının prezidenti Zokirbekov Yaşnarbek, Azərbaycan Universal Döyüş Federasiyasının (AUDF) prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının birinci vitse-prezidenti Azər Həsənov, Olimpiya çempionları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AUDF-in prezidenti A.Həsənov Konqresin Azərbaycanda təşkil olunmasını əlamətdar hal kimi dəyərləndirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti respublikamızda universal döyüşün inkişafından və bu sahədə əldə olunan uğurlardan söz açıb.
Bildirib ki, Konqresin respublikamıza həvalə olunması Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının nəticəsidir.
Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə keçirilən Konqresin seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə İvan Tanyev və Nevzat Varol təyin olunub. Aydın Abdullazadə isə federasiyanın baş katibi seçilib.