AzVİF bayramı belə qeyd etdi
9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası və Dövlət Təhlükəsizliyi Xidməti Velosiped İdman Klubunun təşkilatçılığı, Respublika Olimpiya Velosiped Məktəbi, “Gənc Velosipedçilər” İctimai Birliyi və “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun dəstəyi ilə “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib. SportLine.az xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkvnik Mədət Quliyev, DTX Velosiped İdman Klubunun üzvləri, peşəkar və həvəskar velosipedçilər, o cümlədən ilk dəfə olaraq “Azərbaycan Əlil Velosipedçilər Klubu”nun nümayəndələri də iştirak edib.
100-dən artıq velosipedçi Azneft dairəsindən start götürməklə Neftçilər prospekti ilə hərəkət ediblər və Heydər Əliyev Mərkəzinin qarşısında bayram yürüşünü başa çatdırıblar. Qeyd edək ki, Azərbaycan Velosiped İdmanı Federasiyası təkcə paytaxtda deyil, həmçinin bölgələrdə də bu cür tədbirlərin keçirilməsinə dəstək verir. Belə bir yürüş noyabr ayının 8-də Cəlilabad rayonunda da təşkil edilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatı