"Bakı 2017"yə hazırlıq yüksək səviyyədə gedir"
İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) İcraiyyə Komitəsinin Bakıdakı iclasından sonra mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud iclasın məhsuldar keçdiyini bildirib.
O, mayın 12-22-də Azərbaycan paytaxtında təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini vurğulayıb. İSSF prezidenti Bakının bu sahədə böyük təcrübəsinin olduğunu xatırladıb.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iki gündür Bakıda mühüm tədbirlərin həyata keçirildiyini bildirib. O, V İslam Həmrəyliyi Oyunlarının Türkiyənin İstanbul şəhərində təşkilinə dair qərarın sevindirici olduğunu vurğulayıb. Nazir Bakıdakı İslamiadaya hazırlıqla bağlı məsələlərin qaydasında getdiyini söyləyib. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarının hələ müəyyənləşmədiyini deyən A.Rəhimov namizədlər arasından ən layiqlisinin seçiləcəyini bildirib. O, İslamiadaya 100-dən artıq xarici, 500-dən çox yerli media nümayəndəsinin akkreditasiya üçün qeydiyyatdan keçdiyini də açıqlayıb.
Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç 2021-ci ildə İslamiadanın İstanbulda keçirilməsi qərarını şərh edib: "Məqsədimiz İslam Həmrəyliyi Oyunlarının dünya idman tədbirləri arasında mühüm yer tutmasını təmin etməkdən ibarətdir. Bunun üçün ölkəmizin rəhbərliyindən lazımi dəstəyi almışıq. Hazırda İstanbul İslamiadaya tam hazırdır. Hətta 3-4 ay sonra keçiriləcəyini desələr belə, təşkil edə bilərik. Bir neçə idman qurğusunda yenilənmə aparacağıq. Yaxın vaxtlarda ölkəmizdə bir neçə yarış təşkil olunacaq".
İslamiadanın Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva bilet satışının gözlənilən formada getdiyini bildirib. O, oyunlar ərəfəsində bilet satışının daha da artacağını vurğulayıb: "Biletlərə, əsasən, iştirakçı ölkələrdən tələbat var".