Bakı dünya çempionatının ev sahibidir

Bu gün Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının açılış mərasimi keçirilib. 

Sportline.az xəbər verir ki, tədbirdə yarışın Təşkilat Komitəsinin sədri, baş nazirinin birinci müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatının keçirilməsi ilə bağlı yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər iştirak ediblər. 

Dünya çempionatının iştirakçılarını salamlayan Y.Eyyubov Azərbaycanın nüfuzlu yarışlara ev sahibliyi etməsindən söz açıb: "Böyük yarışların təşkilatçılığının Azərbaycana həvalə olunması ölkəmizin gündən-günə çiçəklənməsinin, inkişafının bariz nümunəsidir. İndiyədək "Bakı 2015” I Avropa Oyunları, "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları kimi yarışlara ev sahibliyi etmişik. İdmanın bütün növlərinə qayğı ilə yanaşan Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi turnirin yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yarış meydançası bütün tələblərə cavab verir". 

Bütün idmançılara uğur və qələbə sevinci arzulayan Y.Eyyubov nitqinin sonunda yarışı açıq elan edib. 

Qeyd edək ki, iyunun 9-dək davam edəcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq. Proqrama əsasən, açılış mərasimindən sonra "Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. "Challenge” kateqoriyasında yarışacaq velosipedçilərdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq ("Report").