Bakıda Dünya Kubokuna start verildi
Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib. SportLine.az xəbər verir ki, yarışa Azərbaycanla yanaşı, 18 ölkədən, ümumilikdə, 146 iştirakçı qatılıb.
Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparır. Azərbaycan isə Dünya Kubokunda 5 idmançı ilə təmsil olunur. Kişilərin yarışında Bakı-2015 Avropa Oyunlarında parlaq çıxışı ilə yadda qalan Oleq Stepko ilə yanaşı, Petro Paxnyuk, qadınlarda isə Mariya Smirnova, Marina Nekrasova və Yuliya İnşina ölkəmizi təmsil edir.
Turnir Dünya və Avropa çempionatı, eləcə də, digər mötəbər yarışlarda qalib olmuş gimnastların çıxışları ilə də yadda qalacaq. Üçqat dünya çempionu Kenzo Siray, Avropa çempionu Aleksandr Şatilov, Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina və digər tanınmış gimnastlar 3 gün davam edəcək yarışda bacarıqlarını sərgiləyəcəklər.
Qeyd edək ki, dünya kubokunun ilk iki günündə yarışın təsnifat mərhələsi, sonuncu gün isə finallar keçiriləcək.