Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

İlk olaraq iştirakçı ölkələrin bayraqları zala gətirilib. Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir iştirakçılara uğurlar arzulayıb: "Artıq neçənci ildir ki, ölkəmizdə Dünya Kuboku keçirilir. İldən-ilə iştirakçıların sayı artır. İl ərzində ən azı 3 Dünya Kubokuna ev sahibliyi edirik. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".

Sonda Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Dördgünlük yarışların yekununda ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.