Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar başa çatıb
Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Fondu və Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi, Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.
Sportline.az "Report"a istinadən xəbər verir ki, FIVB-nin "Level 1" seminarında Bakı və bölgələdən olan məşqçilərlə yanaşı, Türkiyə, Almaniya və İrandan ümumilikdə 34 mütəxəssis iştirak edib.
Seminara rəhbərliyi türkiyəli Cengiz Akarçeşmə edib. Onun asistenti isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, Azərbaycan millisinin də üzvü olan Tural Həsənli olub.
Nəzəriyyə və təcrübədən ibarət olan seminarda iştirakçılar əvvəlcə praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan məşqçilər daha sonra baş tutan nəzəri imtahanda iştirak haqqı qazanıblar. İyulun 7-də keçirilən son imtahanda yüksək nəticə göstərmiş iştirakçılar müəyyən ediliblər.
Seminarda iştirak etmiş və imtahanları uğurla başa vurmuş 29 mütəxəssis FIVB-nin "Level 1" dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.
İmtahanlardan sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahəddinova, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edən Ç.Hüseynzadə seminarın əhəmiyyətindən danışıb, ölkədə belə beynəlxalq tədbirlərin təşkilinin vacibliyini vurğulayıb. Bu seminarın yerli mütəxəssislərə yeni imkanlar açacağını, onların beynəlxalq səviyyəyə yüksəlməsinə kömək edəcəyinə əminliyini ifadə edib.
Daha sonra söz F.Qarayevə verilib. Məşqçilərin seminar ərzində xüsusi fəallıq göstərdiyini vurğulayan federasiyanın vitse-prezidenti fərqlənən mütəxəssisləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Seminarın önəmindən söz açan B.Quliyev bunun uşaq voleybolunun kişafına böyük təkan verəcəyini söyləyib.
Cengiz Akarçeşmə isə seminarın yüksək səviyyədə təşkili üçün federasiyanın lazımi şəraiti yaratdığını bildirib. Onun sözlərinə görə, bu kursların qalibi və ya məğlubu yoxdur. Mütəxəssis seminarın hər bir məşqçi üçün yaxşı təcrübə olduğunu qeyd edib.
Sonda "Level 1" dərəcəsi alan məşqçilərə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib. Sözügedən sertifikatı alanlar arasında AVF-nin mətbuat katibi Şəfəq Kərimova da var.
Qeyd edək ki, yaxın vaxtlarda Bakıda FIVB-nin "Level 2" və "Level 3" seminarlarının keçirilməsi də nəzərdə tutulur.