Bakıda yeni turnir keçiriləcək
Martın 17-də Azərbaycan Voleybol Federasiyasının idman zalında Novruz bayramına həsr olunan "Bahar Kuboku" turniri keçiriləcək.
Sportline.az Federasiyanın Mətbuat Xidmətinə istinadən xəbər verir ki, qadın voleybolçular arasında təşkil olunacaq yarışda Azərbaycan Super Liqasının iştirakçıları - “Azərreyl”, “Murov”, “Abşeron” və UNEC komandaları mübarizə aparacaqlar.
Kubok uğrunda oyunlar iki gün davam edəcək. Püşkə əsasən, yarış “Azərreyl” - “Abşeron” matçı ilə start götürəcək. Görüş saat 14:00-da başlayacaq. Saat 16:00-da “Murov” UNEC-i sınağa çəkəcək.
Reqlamentə əsasən, qalib gələn komandalar 1-ci, məğlub olanlar isə 3-cü yer uğrunda mübarizə aparacaqlar. Hər iki matç martın 18-də keçiriləcək.