Birdən çox medal qazanan idmançılara mükafat tam ödəniləcək
Bu gün IV İslam Həmrəyliyi Oyunlarının geridə qalan günlərinin hesabatı ilə bağlı mətbuat konfransı keçirilib. Sportline.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov idmançılar arasında gərgin mübarizədən razı qaldığını bildirib.
O, 28 ölkə nümayəndəsinin yarışda medal qazanmasını müsbət qiymətləndirib. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışına da toxunan Əməliyyat Komitəsinin baş icraçı direktoru bu gün start götürən güləş yarışlarındakı çıxışdan çox şey asılı olduğunu vurğulayıb: “Yarışa qatılan ölkələrin komandalarından 60 faizi medal qazanıbsa, bu, mübarizənin gərginliyindən xəbər verir. Azərbaycanla Türkiyə arasında gedən birincilik yarışı barədə konkret proqnoz vermək çətindi. Çünki onlar da bura güclü idmançılarla gəliblər. Bu gün start götürən güləş yarışlarında güclü pəhləvanlar çıxış edəcəklər. İran, Türkiyə, Özbəkistan, Qazaxıstan ən yaxşı güləşçilərini gətiriblər. Hansı ki, həmin idmançılar dünya və Avropa çempionatlarında da bizim güləşçilərlə qarşılaşıblar”.
Birdən çox medal qazanan idmançılara nəzərdə tutulan mükafatın tam ödəniləcəyini söyləyən nazir komanda şəklində medal alanların mükafat məbləğinə də aydınlıq gətirib: “Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz. Komanda idman növlərində medal qazananların əyarına uyğun mükafat ümumi komandaya veriləcək”.