“Bizim vaxtımızda belə şərait olsaydı...” - Arif Abdullayev

Güləş tariximizə adını qızıl hərflərlə yazdıran pəhləvanlarımız gənc nəsil üçün gözəl nümunədir. Onlardan biri də müstəqillik qazandıqdan sonra güləşdə ilk dünya çempionumuz olan Arif Abdullayevdir. Olimpiya çempionu Namiq Abdullayevdən 3 yaş böyük olan qardaşı 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilən mundialda fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, həm də Avropa çempionatlarının 3 qat bürünc medalçısıdır. Əməkdar idman ustası, əməkdar məşqçi və Tərəqqi medalı ilə təltif olunan mütəxəssis artıq 50 yaşı haqlayıb. Avqustun son günlərində yubileyini qeyd edən sərbəst güləş yığmamızın məşqçisi AGF-nin rəsmi saytına müsahibə verib:

- Yubileyinizi necə qeyd etdiniz?

- Avqustun 28-də doğum günümü ailəmlə birgə qeyd etdim. Ancaq bundan bir gün əvvəl Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Güləş Federasiyası və idman ictimaiyyətinin başqa nümayəndələriylə birgə yubileyi qeyd etdik. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov,MOK-un İdman şöbəsinin rəisi Həsənağa Rzayev, AGF-nin vitse-prezidentləri Firdovsi Umudov və Elçin Cəfərov da bizimləydi. AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev də təbriklərini çatdırdı. Dövlət Gömrük Komitəsinin əməkdaşları da yubileyimə qatılmışdı. 

- İndiyə kimi keçirdiyiniz ən yaddaqalan ad gününü hansı olub?

- Əlbəttə ki, 50 illik yubileyim.

- Bəs indiyədək aldığınız ən dəyərli hədiyyə hansı olub?

- Ailəm bu yubileydə mənim üçün sürpriz hazırlamışdı. Üzərinə Sidney Olimpiadasında keçirdiyim ilk görüşdə alman rəqibimə etdiyim fəndin şəkli həkk olunmuş tort hazırlatmışdılar, altına da “50 yaş” yazmışdılar. İndi də Rusiya,Belarus və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur.

- Geriyə boylananda itirdiklərinizin, yoxsa qazandıqlarınızın çox olduğunu deyə bilərsiniz?

- İtirdiklərim də olub, qazandıqlarım da. Bu həyatda qazancım idman uğurları, ailəm, dost-qardaşdır. İtirdiklərim isə cavanlıq səhvlərinə görə əldən verdiyim yarışlar, medal qazana bilmədiyim Olimpiadalar, dünya çempionatlarıdır.

- İdmançı olmaq çətindir, ya məşqçi?

- Hərəsinin özünə görə çətinliyi var. Ancaq idmançı olanda ancaq özünü, çəkini, rejimini, yarışını fikirləşirsən. Amma məşqçi olanda bütün bunları kompleks şəkildə düşünürsən. İdmançının rejimini, güləş taktikasını, məşq proseslərini... Bir güləşçi finala kimi 4-5 görüş keçirir. Bunu 10 çəkidən hesablayanda görün neçə qarşılaşmada həyəcan, stress keçiririk.

- Güləşə gec – 15 yaşında başlamağınızın səbəbi nəydi?

- 12-13 yaşımda məktəbin nəzdində futbola gedirdim. Həftədə 2-3 dəfə oynayırdıq. Əmimoğlu Elxan “Spartak” Cəmiyyətində Vahid Məmmədovun rəhbərliyi altında güləşə gedirdi. Elə oldu ki, kiçik qardaşım Namiqlə birgə güləşlə məşğul olmağa başladıq. Aramızda 1-2 gün fərq oldu. Mən 15, Namiq isə 12 yaşlı güləşçilərin məşqlərinə yazıldıq. Hər ikimizin şəxsi məşqçisi Vahid müəllim olub.

- 2003-cü ilə kimi nə Avropa çempionu olmuşdunuz, nə də dünya çempionatında medal qazanmışdınız. ABŞ-da keçirilən dünya çempionatına yollanarkən qarşınıza hansı hədəfi qoymuşdunuz?

- Artıq 35 yaşım vardı. Bir çoxları karyeramı bitirməli olduğumu söyləyirdi. Dünya çempionatına yollanmağıma qarşı olanlar vardı. Ancaq məşqçilərə dedim ki, Nyu-Yorkda ən azı Afina Olimpiadasına lisenziya qazanmasam, bir də güləş xalçasına gəlmərəm. Görüşdən-görüşə, medala yaxınlaşdıqca özünəinam daha da artırdı. Finala çıxdıqdan sonra ancaq çempionluq haqqında düşünürdüm.

- İlk görüşdə Macarıstan təmsilçisinə uduzdunuz. Bu məğlubiyyət sizi ruhdan salmadı?

- Belə bir şey oldu. O zaman ilk mərhələ qrup idi. Üç güləşçidən biri növbəti mərhələyə yüksəlirdi. Mənə qalib gələn güləşçinin alban rəqibinə 2:3 hesabıyla uduzması mənim üçün şans yaratdı. Mən də bu şansdan maksimum istifadə etdim. Albanı 7:2 hesabıyla məğlub edərək, qrup qalibi oldum. Daha sonra Avstriya və Özbəkistan təmsilçilərini üstələdim. Yarımfinalda isə Hindistan güləşçisinə qalib gəldim. Həmin rəqibim (Suşil Kumar) sonradan dünya çempionu oldu və iki Olimpiadada medal qazandı. Finalda isə Kuba güləşçisini məğlub edərək, çempion oldum. Yandro Kintana da bir il sonra Afina Olimpiadasının qalibi oldu.

- Həmin görüşlərin video görüntüləri sizdə var?

- 2003-cü ildə güləş görüşlərinin video görüntüləri o qədər də geniş yayılmamışdı. Yarımfinal qarşılaşmasını bəlkə internetdə tapmaq olar. Ancaq final görüşünün videosu var. Yubileyi qeyd etdiyim “Hollywood” restoranında da həm Namiqə, həm mənə, həm də Fərid Mansurova qızıl medal qazandıran qarşılaşmaları izlədik. Həmin möhtəşəm anları bir daha yada saldıq.

- Dünya çempionu olsanız da, Afina Olimpiadasında çıxış etmədiniz...

- Yarışa bir gün qalmış yediyim balıqdan zəhərləndim. Tərəziyə çıxa bilmədim. Bu səbəbdən yarışı buraxmalı oldum.

- Atlanta və Sidney Olimpiadalarında medal qazanmağınıza nə mane oldu?

- Sidneydə medal qazana bilərdim. Əvvəlcə Almaniya təmsilçisinə qalib gəldim. Sonra Ukrayna idmançısını məğlub etdim. Döşəkdən çıxıb getdim. Namiq yarımfinala vəsiqə qazandı. Mən də 1/4 finala hazırlaşıram. Ancaq zaldan çıxanda baş məşqçi Yaqub Məmmədov dedi ki, səni yenidən döşəyə çağırırlar. Əslində xalçada Ukraynanın protestinə baxılmış və qələbə mənə verilmişdi. Ancaq görüş bitdikdən sonra qarşı tərəfin etirazı davam etdi və bu görüşün yenidən keçirilməsinə qərar verdilər. Təkrar qarşılaşmada da 5:1 öndə idim. Hakimlərin təsiriylə görüşdən məğlub ayrıldım. Mütləq bir ukraynalı finalda olmalıydı. Çünki bu ölkənin heç bir təmsilçisi medal qazanmırdı. Məndən sonra finala yüksəldi və iranlı rəqibinə uduzub, ikinci yeri tutdu. Yevgeni Busloviçə dünya və Avropa çempionatlarında qalib gəlmişdim.

- Yüngül çəkilərdə güləşənlər yaşa dolduqca çəkini qorumaqda çətinlik çəkir. Ancaq Abdullayev qardaşları həmişə eyni kateqoriyada çıxış edib. Bunu necə bacarırdınız?

- Əlbəttə, çəkini qorumaq çətin idi. Daim rejimdə olan idmançı çəkisinə baxmalıdır. Yuxu və qida rejiminə əməl etməsə, sözsüz ki, çəkisi artacaq. Gecə saat 1-də durub, dönər yeyim, “kola” içim... Belədə təbii ki, çəkini saxlamaq mümkün olmaz.

- Karyeranız boyu prinsipial saydığınız rəqib olub?

- Türk Harun Doğanla dəfələrlə qarşılaşmışam. O yağlanırdı, güləşirdi. 30 saniyədən sonra bədəni yağlı olurdu, tutmaq mümkün deyildi. İlk iki görüşdə ona uduzdum. Sonra işimi bildim. Görüş başlayan kimi hücuma keçirdim. Ona görə sonralar dünya çempionatında və başqa beynəlxalq turnirdə Doğana qalib gəldim. Görüşün əvvəlində 5-7 xal alırdım, ondan sonra hər ikimizin bədəni yağlı olurdu, ikimiz üçün də xal almaq çətinləşirdi.

- Güləş Federasiyası indi idmançıların uğur qazanması üçün hər cür şərait yaradıb. Gözəl baza istifadəyə verilib, yüksək səviyyəli təlim-məşq toplanışları keçirilir, maddi-texniki təminat qaydasındadır. Sizin zamanızda belə şərait olsaydı, daha böyük uğurlara imza atardınız?

- Bizim vaxtımızda belə şərait olsaydı, 90-cı illərdən güləşən nəsil vardı ha, mən, Namiq, Nazim, Elşad Allahverdiyev, Rövşən Hacıyev – hamımız daha böyük uğurlar qazanardıq, olimpiya medallarımızın sayı çox olardı. 

- Güləşin qaydaları tez-tez dəyişir. Bununla bağlı nə deyə bilərsiniz?

- İndi demək olar ki, bizim zamanımızdakı qaydalara qayıdıblar. Karyeramızın son illərində şar çıxarma var idi. Bu da bir oyun idi. Bəxtdən asılıydı. Bir idmançı 15-20 il hazırlaşırdı, bir şar onun olimpiya çempionu olub-olmamasını müəyyənləşdirirdi. İndi ilk hissədə topladığın xal silinmir. Əvvəllər isə ilk hissədə 6:0 hesabıyla qalib gəlib, ikinci hissəni püşklə əldən verirdin, üçünci hissə də eyni qaydada gedirdi. Yəni 6:0-lıq üstünlüyünün heç bir əhəmiyyəti qalmırdı. İndi daha doğru qaydalar tətbiq olunur. Fəndlərin effektivliyi də artıb.

- Boş vaxtlarınızı necə keçirirsiniz?

- Bizimki futboldur. Tez-tez yığışıb futbol oynayırıq. Bildiyiniz kimi, mənim digər iş yerim Hava Nəqliyyatında Baş Gömrüş İdarəsidi. Mən orda böyük inspektor vəzifəsində çalışıram, mayor rütbəsindəyəm.

- Güləş tariximizdə böyük iz qoyan Abdullayevlər bu idman növü üçün irs qoyubmu?

- Böyük qardaşımın uşaqları bir az güləşlə məşğul oldu. Ancaq hər idmançıda alınmır. Ölkə çempionatlarında fərqləniblər. Ancaq dünya və Avropa çempionatlarında yer tutmayıblar.

Mənbə: Azərbaycan Güləş Federasiyasının saytı