DÇ 2022: Braziliya Argentinaya qarşı

Bu gün bütün dünyanın gözü Braziliyada - dünya futbolunun iki nəhənginin duelində olacaq.

Sportline.az xəbər verir ki, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçiriləcək Braziliya - Argentina matçına maraq həmişəkindən çoxdur.

Bir tərəfdə baziliyalı superulduz Neymar, digər tərəfdə dünya ulduzu Lionel Messi... "Barselona"dan sonra PSG-də komanda yoldaşı olan iki ulduz bu dəfə milli komandalarda rəqib olaraq qarşılaşacaq. Futbol azarkeşləri Braziliya - Argentina matçını hansı kanaldan izləyə bilər? "Arena Corinthians"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşmanı "TRT Spor" kanalından canlı izləmək mümkündür.

Qeyd edək ki, qrupda 7 matçdan sonra Neymarlı Braziliya 21 xalla birinci, Lionel Messili Argentina isə 15 xalla ikinci yerdədir. Tərəflərdən heç biri hələ qrupda məğlub olmayıb. Sonuncu dəfə Amerika Kubokunun finalında üz-üzə gələn tərəflərin mübarizəsindən Argentina 1:0 qalib ayrılmış, beləliklə, Messi karyerasında ilk dəfə milli komanda ilə çempionluq qazanmışdı.