Canni De Byazidən 1 xal şərhi
"Qələbə qazanmaq üçün matçın son dəqiqələrində bir az təcrübə çatmadı. İlk 10 dəqiqəyə yaxşı başlaya bilmədik. Daha sonra oyunumuzda inkişaf hiss olunurdu".
Sportline.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə İrlandiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri DÇ-2022-nin seçmə oyunundan sonra mətbuat konfransında deyib.
65 yaşlı mütəxəssis rəqibi çətin vəziyyətlərə saldıqlarını bildirib: "İrlandiya ikinci hissədə geridə olduğu üçün daha çox irəli atıldı və əzəvetmələr etdi. Biz də dəyişikliklərə əl atmalı olduq. Komandaya yeni güc lazım idi. Buraxdığımız qolda top yan xəttdən çıxmışdı. Əgər o qol olmasaydı, hamımız qələbəni qeyd edəcəkdik. İrlandiyaya qarşı ağır görüşdən bir xalla ayrıldıq və razı qala bilərik".
İtaliyalı baş məşqçi Azərbaycan komandasının ikinci yarıda daha çox müdafiə olunmasına da münasibət bildirib: "Heç vaxt futbolçularıma tapşırıq vermirəm ki, müdafiədə otursunlar. Həmişə onlara demişəm ki, ön xəttə pressinq etsinlər, topla oynasınlar. Bunları da ilk hissədə gerçəkləşdirdik".
De Byazi rəqibi əvvəlcədən analiz etdiklərini xatırladıb: "Taktiki baxımdan yaxşı oyun göstərdiyimizi fikirləşirəm. Amma biz inkişaf etməliyik. Baxmayaraq ki, İrlandiya FIFA reytinqində bizdən çox irəlidədir. Qarşılaşmada bu fərq çox hiss olunmurdu. Matçın sonlarında sanki bir nəfər azlıqda oynayırdıq. Çünki Rüstəm Əhmədzadənin ayağında problem oldu və oynaya bilmirdi. Fikirləşirəm ki, belə olmasaydı rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq".