Cavid Hüseynov Premyer Liqaya qayıdır

Son olaraq ötən mövsüm “Səbail”i çalışdırmış Cavid Hüseynovun işsiz günləri sona çatır.

Sportline.az Futbolinfo.az-a istinadla xəbər verir ki, 37 yaşlı mütəxəssis yenidən Premyer Liqa klubunu çalışdıracaq. Belə ki, elitanın debütantı “Karvan-Yevlax” Azər Həşimovun xələfi olaraq Hüseynovu nəzərdən keçirir. Hətta mütəxəssislə danışıqlar da aparılıb. Tərəflər maliyyə məsələsində razılığa gələ bilsələr, qış fasiləsindən etibarən Yevlax klubu Cavid Hüseynova həvalə olunacaq.

Daha öncə Hüseynovun “Qəbələ”yə, Kaxaber Sxadadzenin əvəzinə baş məşqçi təyin olunacağı deyilsə də, ona hər hansı dəvət göndərilməyib. Ümumiyyətlə, Premyer Liqaya bu il qayıdan “qırmızı-qaralar” gənc mütəxəssisə güvənməyi düşünməyib.

Cavid Hüseynov təsisçisi olduğu I Liqa təmsilçisi “Cəbrayıl”ı isə baş məşqçi kimi çalışdırmağı düşünmür. Gənc, amma iddialı mütəxəssis yalnız Premyer Liqa klubunda işləməyi hədəfləyir.

Xatırladaq ki, ötən mövsüm “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi işləyən Cavid Hüseynov mövsümün ilk yarısında, noyabrdan “Səbail”in baş məşqçisi olmuşdu. Lakin klub dörd aylıq uğursuz nəticələrdən sonra istefaya göndərilən Hüseynova görə aşağı liqaya düşməsini rəsmiləşdirmişdi.