Çempionlar Liqası: Azərbaycan təmsilçisinin iki oyunu üçün hakimlər açıqlanıb
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın ilk iki oyununu idarə edəcək hakimlər açıqlanıb.
Sportline.az xəbər verir ki, ölkə çempionunun Cəbəllütariqin "Europa" klubu ilə matçına italiyalı Dario Pezzuto təyinat alıb. Ona monteneqrolu Drazen Vukçeviç və yunanıstanlı Panagiotis Ntalas yardımçı olacaq.
"Araz Naxçıvan"ın Finlandiya “Kampuksen Dinamo”su ilə qarşılaşmasında isə ədaləti monteneqrolu Drazen Vukçeviç qoruyacaq. Köməkçi hakimlər Dario Pezzuto və Daniele Dadamo (San Marino) olacaq.
Qeyd edək ki, avqustun 21-də keçiriləcək “Araz-Naxçıvan” – “Europa” görüşü Bakı vaxtı ilə saat 15:00-da, digər qarşılaşma isə növbəti gün eyni saatda start götürəcək.
İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək. "Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.
Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.