Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Qadınlar və kişilər arasında çimərlik voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Sportline.az xəbər verir ki, Su İdmanı Sarayında təşkil olunan yarışın son günündə yarımfinal və final görüşləri keçirilib.
Qadınların finalında Fidan Əhmədxanova - Larisa Smeltsova cütlüyündən ibarət “Azərreyl” komandası Lizi Latsabidze - Nərmin Musayeva cütlüyünün formasını geyindiyi “Azərreyl-1” üzərində 2:0 hesablı qələbə qazanaraq, çempion olub. Bürünc medala isə “Xarıbülbül”ü (Seyidxanım Rüstəmova-Əfsanə Həsənova) məğlub edən “Azərreyl-3” (Aytac Bayramlı-Ayşə Hüseynova) sahib çıxıb.
Kişilərin həlledici qarşılaşması “Neftçi-1” (Vüqar Bayramov-Ülvü Rəcəbli) və “Neftçi-2” (Vadim Kutukov-Heydər Məmmədli) komandaları arasında baş tutub. Bu görüşdə 2:0 hesabı ilə qalib gələn “Neftçi-1” yarışın qızıl medallarını qazanıb. “Neftçi” (Tural Həsənli-Cavid Süleymanov) üzərində qələbə qazanan “Azərreyl” (Elmin Alışanov-Asif Əliyev) isə üçüncü yeri tutub.
Qarşılaşmalar başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomları Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov təqdim ediblər.
Qeyd edək ki, 15 yaşadək və 15 yaşdan yuxarı voleybolçuların iştirak etdiyi yarışın reqlamentinə uyğun olaraq, kişilərin turnirinə 16 komanda təsnifat mərhələsindən başlayıb. Onlardan ən güclü 8 cüt əsas mərhələyə yüksəlib. Reytinqi yüksək olan digər 8 komanda isə əsas mərhələdən birinciliyə qoşulub. Qadınların mübarizəsində 15 komanda birbaşa əsas mərhələdə çıxış edib. Birinciliyin əsas mərhələsində 15 qadın və 16 kişi cütü iştirak edib, oyunlar olimpiya sistemi üzrə keçirilib.