"Çox az vaxtımız var" - Fərid Cəlalov

"Qrupumuzdakı komandaların hamısı güclüdür. Elə biz də zəif rəqib deyilik".

SportLine.az xəbər verir ki, bunu Azərbaycanın kişi voleybolçulardan ibarət yığmasının baş məşqçisi Fərid Cəlalov Bakıda Lüksemburqa 3:1 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin V tur matçından sonra deyib. Gənc mütəxəssis bildirib ki, hazırda G qrupunda ikinci yeri tutmalarına baxmayaraq, son turun nəticəsi hər şeyi dəyişə bilər: "Sabah İsveçə yollanırıq. Hazırda qrup ikicisiyik. Amma hər şey dəyişə bilər. Lüksemburq rup sonuncusu olarsa, bu, bizim ziyanımızadır. İnanıram ki, biz qrup ikicisi olaraq final mərhələsinə yüksələcəyik".

Orta sahə oyunçuları sarıdan əziyyət çəkdiklərini açıqlayan Cəlalov "İki belə oyunçumuz bu gün də müəyyən səbəblərdən yox idilər. Artıq çox az vaxtımız var. Ona görə də İsveçə qarşı elə bugünkü voleybolçularla oynayacağıq" söyləyib.

Qeyd edək ki, Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə şansı qazanıb. Yanvarın 9-da keçiriləcək son turun oyunlarında Lüksemburq Yunanıstanı, İsveç Azərbaycanı qəbul edəcək. Qaydalara əsasən, 7 qrup üzrə ilk pillələrin sahibləri ilə yanaşı, ikinci pilləni tutanlardan 5 ən yaxşısı final mərhələsinə birbaşa vəsiqə qazanırlar. Hazırda Azərbaycan ən yaxşı ikincilər siyahısında 6-cıdır.

İsveç son turda Azərbaycana 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, xallar bərabərləşəcək. Bu halda ilk növbədə, qələbə sayı əsas götürüləcək. Hazırda Cəlalovun komandasının 3, skandinaviyalıların 1 qələbəsi var. Bu isə o deməkdir ki, son tur İsveç üçün formal xarakter daşıyacaq. Azərbaycan isə 2:3 hesabı ilə uduzsa belə, mərhələ adlaya bilər. Bunun üçün ikincilər siyahısındakı 5 komandadan ən azı biri xal itirməlidir.

Sportnet.az