Cüdoda qaydalar dəyişdirilir
İstanbulda Beynəlxalq Cüdo Federasiyasının (IJF) texniki seminarı öz işini başa çatdırıb və burada yenilənmiş qaydaların təqdimatı keçirilib.
Sportline.az xəbər verir ki, tədbirdə milli federasiyanın vitse-prezidenti Elnur Məmmədlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Yeni qaydalar gələn ildən qüvvəyə minəcək və fevral ayında Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində ilk dəfə sınaqdan keçiriləcək. Bu versiya Budapeştdə keçiriləcək dünya çempionatına kimi (13-20 iyun 2025-ci il) istifadə olunacaq və bundan sonra yenidən baxılacaq.
"Qarşıdan gələn Olimpiya tsiklində cüdoya təsir edəcək bu dəyişikliklərin məqsədi hər bir yarışın qərarını idmançıların öz ixtiyarına verməkdir", - IJF-in bəyanatında deyilir.
Hakimlik qaydalarında əsas texniki dəyişikliklər aşağıdakı aspektlərə aiddir:
- Yuko üçüncü xalın əlavə edilməsi, ne-vazada bu, 5 saniyədə veriləcək.
- Fənd atmaq və müdafiə üçün başdan istifadəyə icazə verilir, amma kadet yarışları istisnadır - orada bu, şido ilə cəzalandırılacaq.
- Kimonolardan bütün tutmalara və kəmərin altından daxili budun yuxarı səviyyəsinə qədər tutmağa icazə verilir, lakin kimono tutmadan və ya kəmərin altından daxili budun yuxarı səviyyəsinə qədər mənfi şəkildə istifadə edilərsə, şido veriləcək.
- Əl və qolları ayaqlara ilişdirmək, ayaqdan tutmaq, şalvardan tutmaq və budun daxili hissəsindən aşağıya toxunmaq qadağandır və şido ilə cəzalandırılır.