DÇ: 3-cü günün qalibləri müəyyənləşdi
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının üçüncü gününə yekun vurulub. SportLine.az xəbər verir ki, bu dəfə yeniyetmələr, həvəskarlar və “Masters” kateqoriyasında qaliblər müəyyənləşib.
13 və 14 yaşlı oğlanların mübarizəsində avstraliyalı Tomas Tuker və Cordan Kallum birinci yeri tutub. Argentinalı Qianni Antonio Daddona 15 yaşlı velosipedçilər arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 16 yaşlılar arasında Fransa idmançısı Tatyan Lui Hin Tsan bütün rəqiblərini qabaqlayıb.
13 yaşlı qızların mübarizəsində Yeni Zelandiya idmançısı Leila Valker fərqlənib. Avstraliyalı Kira Hill 14 yaşlı qızlar arasında birinci pilləyə yüksəlib. 15 yaşlı qızların yarışında isə britaniyalı Lauren Anyon dünya çempionu adına sahib olub.
16 yaşlı qızların mübarizəsində İsveçrə idmançısı Nadine Aeberhard birinci yeri tutub. Həvəskar oğlanlar arasında 17-24 yaş kateqoriyasında Niderland idmançısı Kevin Spanninq ilk pilləyə sahib olub. Kişilər arasında 25-29 yaş kateqoriyasında Niderlandın digər nümayəndəsi Robin Van Der Kolk çempion adını qazanıb.
Mundialda 30-34 yaş kateqoriyasında kişilərin mübarizəsində Böyük Britaniya idmançısı Skott Vaterhaus bütün rəqiblərini qabaqlayıb. 35 və daha yuxarı yaş qrupunda kişilər arasında yeni zelandiyalı Tim Ferqusan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qızların 17-24 yaş kateqoriyasında Böyük Britaniya idmançısı Şarlot Qrin ilk pilləyə yüksəlib. Qadınların 25 və yuxarı yaş qrupunda isə Niderland idmançısı Lieke Klaus birinci yeri tutub. Və nəhayət, “Masters” kateqoriyasında 30 və yuxarı yaş qrupunda ABŞ idmançısı Teylor Braun dünya çempionu olub.
Mükafatları Beynəlxalq Velosipedçilər İittifaqının idman direktorunun müavini, BMX şöbəsinin rəsi Peter Van Den Abel və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim ediblər.
Mükafatlandırma mərasimindən sonra Elit kateqoriyasında idmançıların məşq yürüşləri keçirilib. Dünya çempionatının 4-cü günündə kişilər və qadınlar arasında təsnifat yürüşləri keçiriləcək və yarışlar saat 20:40-da başlanacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyasının məlumatı