Dünya çempionatı: Son iki güləşçimiz bürünc medal uğrunda yarışacaq
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatının son günündə Azərbaycanın 2 yunan-Roma güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq.
Sportline.az xəbər verir ki, Taleh Məmmədov 63 kq, Həsrət Cəfərov 67 kq çəki dərəcələrində çıxış edəcək.
Məmmədov Deniz Menekşe (Almaniya) - Lenur Temirov (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək. Həsrət Cəfərov isə mükafatçılar sırasına düşmək üçün əvvəlcə Tsuçika Şimoyamada (Yaponiya), daha sonra Ramaz Zoidze (Gürcüstan) üzərində qələbə qazanmalıdır.
Dünya çempionatı
10 oktyabr
63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə) 7:1
1/4 final: Taleh Məmmədov - Hanjae Çunq (Koreya) 6:2
1/2 final: Taleh Məmmədov - Meysam Dalxani (İran) 0:9
Bürünc medal görüşü: Taleh Məmmədov - Deniz Menekşe (Almaniya) / Lenur Temirov (Ukrayna)
67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ) 10:0
1/8 final: Həsrət Cəfərov - Qaurov Duhon (Hindistan) 8:0
1/4 final: Həsrət Cəfərov - Məhəmmədrza Gerayi (İran) 0:11
Təsəlliverici görüş: Həsrət Cəfərov - Tsuçika Şimoyamada (Yaponiya)
Bu çəkilərdə təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 18:00-da, medal qarşılaşmaları isə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.