Dünya çempionatı: Kapitandan qələbə
İtaliyanın Yezola şəhərində kikboks üzrə dünya çempionatı keçirilir.
Sportline.az xəbər verir ki, turnirdə milli komandamız da iştirak edir. Yarışın ilk günündə idmançılarımız da mübarizəyə qoşulublar. Full kontak növündə 60 kq çəki dərəcəsində Ramiz Məmmədov, 67 kq-da Elməddin Başxəliyev qələbə qazanıb. Həmin növdə çıxış edən Şahbaz Məmmədov 75 kq çəkidə keçirilən döyüşdə rəqibi ilə bacarmayıb.
K-1 qaydaları üzrə 71 kq-da mübarizə aparan Ruslan Nağıyev qalib gəlib. Bu versiyada komandamızın digər üzvləri 75 kq-da Elxan Əliyev və 81 kq-da Xəyal İsmayılov isə məğlub olub.
Kik-layt növündə 69 kq-da Ruslan Musayev qələbəyə sevinib. 74 kqda Hüseyn Hacıyev, habelə veteranlar arasında mübarizə aparan Sadıx Bağırovun çıxışı uğurlu alınmayıb. Lov-kik versiyası üzrə 71 kq-da yarışan Rəhim Əliyev, 67 kq-da Qəşəm Məmmədov, 54 kq-da Vüsal Kazımov, 60 kq-da Qiyas Şahmərdanov, habelə 91 kq-dan artıq çəkidə Fuad Haşimi qələbə qazanaraq növbəti mərəhələyə yüksəlib. 48 kqda Fatma Rəhimzadə isə rəqibinə uduzub.
Lisenziya xarakterli dünya çempionatında kikboksun K-1 versiyasında 3 çəki dərəcəsində 1/4 final mərhələsinə yüksələn idmançılar gələn il Amerika Birləşmiş Ştatlarının Birminqem şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, İtaliyadakı dünya çempionatına oktyabrın 24-də yekun vurulacaq.