Dünya çempionatında 3 qızıl medal

“Qəbələ”nin və Azərbaycan yığmasının MMA döyüşçüləri növbəti uğura imza atıb. SportLine.az gabalafc.az saytına istinadən xəbər verir ki, idmançılarımız Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qələbə qazanıblar. Yarışda “Qəbələ”ni təmsil edən Bəxtiyar Abbasov (90 kq), Nəriman Abbasov (70 kq) və Hüseyn Əliyev (77 kq) yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurublar. Bəxtiyar çempion tituluna türkiyəli Murat Kemerlə döyüşdə qalib gəlməklə yiyələnib. Nəriman həlledici döyüşdə Fransa idmançısı İv Adalbert Antibe Zanqa üzərində qələbə qazanıb. Hüseyn isə finalda türkiyəli Nurjan Tutkanı məğlub edib. Bundan başqa, idmançılarımızın yer aldığı Azərbaycan millisi komanda hesabında da 1-ci yeri tutub.