Dünya çempionatının ilk günündə Azərbaycanın dörd güləşçisi mübarizə aparacaq

Azərbaycan dörd yunan-Roma güləşçisi bu gün Albaniyanın paytaxtı Tiranada start götürəcək dünya çempionatında mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, üçqat dünya çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Almaniya təmsilçisi Bayram Sina ilə üz-üzə gələcək.

Nihat Məmmədli (63 kq) təsnifat mərhələsində İldar Hafizovla (ABŞ) güləşəcək.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda Otar Abuladze (Gürcüstan) - Dariuş Atilla Vitek (Macarıstan) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

Nəhayət, Qurban Qurbanov (82 kq) təsnifat mərhələsində Kevin Kupi (Albaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 31-də başa çatacaq.