Dünya kubokunda 5-ci olduq

ABŞ-ın Los Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kubokuna yekun vurulub. SportLine.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edib.  

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.

İlk görüşlərdən sonra qrup üçüncüsü olan seçməmiz  5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustanla qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə qatıldığı Dünya Kubokunu 5-ci sırada başa vurub.  

Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz üçüncü sırada tamamlamışdı.