Əhməd üçün rekviyem

Bu yazını yazmaq o qədər çətindi ki... Amma yazmasam da olmur. Düz 7 gündü ki, sənin itkinin verdiyi əzabla yaşayırıq. Hə, sən də çox əzablar, əziyyətlər çəkmişdin. Hiss etdirməz, şikayəti sevməzdin. Bircə dəfə də dilindən şikayət eşitməmişdim. Çalışırıq ki, sənin kimi olaq, Əhməd kimi...
 
Bilirəm ki, mümkün deyil. Sənin kimi ancaq sən ola bilərdin, başqası bunu bacarmaz.
Şikayətlənməyi sevmədiyin üçün ürəyin ilk dəfə səninlə şıltaq zarafat edəndə, birinci “infarkt”ı keçirəndə çoxlarının xəbəri olmamışdı. Heç ağlıma gəlməzdi ki, sənin ürəyində problem ola bilər. O qədər sağlam, o qüdər gümrah görünürdün ki, idmançılardan da yaxşı.

- Salam, brat. Necəsən, görünmürsən?

- Əleykümə salam, bratka. 3 aydı “infakrt” keçirmişdim, indi yaxşıyam... Yavaş-yavaş düzəlirəm.

- Vay-vay, niyə xəbərimiz yoxdu? 

- Heç özümün xəbərim olub ki... ayaq üstə keçirmişəm (gülür). Polad olmasaydı, ölmüşdüm. Məni güclü həkimə apardı. İndi dərmanlar içirəm, tezliklə yenə yoxlanışa gedəcəm, görək necə olur...

- Görüşmək lazımdı, çox fikir eləmə...

- Hə, brat. Nə vaxt istəsən “Montin”dəyəm, məhlədə. Gəl...
 
...Bu söhbətimiz 2017-ci ilin oktyabrında olmuşdu. Nə o vaxt, nə də ondan sonra çoxlarının Əhmədin xəstəliyindən xəbəri olmadı. Hamı onu gülərüzlü, masa arxasında dostları ilə birlikdə görürdü. Sosial şəbəkələrdə də xeyli aktiv idi. Kimin ağlına gələrdi ki, iki il bundan əvvəl onunla “zarafat edən” ürəyi əslində ilk ciddi həyacan siqnalını verirmiş.
 
 
Ötən qış deyirdi ki, tikinti şirkəti “məhlə”ni ala-ala gəlir, amma onlarla tam razılaşmır. Yaşadığı evin altındakı zirzəmini özəlləşdirmişdi. İstəyirdi ki, həmin zirzəminin əvəzinə yeni tikiləcək binada bir yer alsın. “Ev istəmirəm, ay brat, ev bəs edəcək. Balaca bir obyekt olsun, gələcəkdə Alişkanın (oğlu Əlini nəzərdə tuturdu) oxumağına-filan kömək üçün nəsə bir yer açmaq olsun” deyirdi. 
Alişka son vaxtlar ən yaxın dostuna çevrilmişdi. Elə bir gün olmurdu ki, oğluyla birlikdə çəkdirdiyi şəkli, yaxud da videonu paylaşmasın. Ötən şənbə yenə Alişkasıyla birlikdəydilər, mən də kəndimizən onların videosuna baxırdım. Gecə saat 3-4 radələrinə qədər “onlayn” olmuşdu, hətta mənim “vatsap” statusuma da gecə 3:24-də baxmışdı. Hardan biləydim ki, səhər Bakıya qayıdanda...
 
Bazar günü Bakıya çatandan sonra telefonu əlimə götürdüm, adətim üzrə “feysbuk”a göz atmağa başladım. Qarşıma Əhmədin şəkilləri çıxdı, avtomatik elə bildim ki, özü paylaşıb, “laykladım”. Kəmalə İsmayılova ilə Ruslan Qurbanovun Əhmədin şəklini paylaşmasını görüncə yazılanlara baxım, ilk reaksiyam “nəəəə” yazmaq oldu...

- Aslan, Əhmədə nə olub?

- Gecə saat 5-də ürəyi dayanıb...
 
Bu boyda zarafat olmazdı, Aslan Şahgəldiyev belə zarafat eləməzdi. “Montin”ə, məhləyə qədər necə getdiyimi bilmədim. Qarşıma Polat çıxır... həmişə məğrur görməyə alışdığımız, səndən ötrü narahat olan, qardaşlıqdan çox atalıq edən Polat. Boynunu qucaqlayıram Poladın, sınıxıb, qəddi-qaməti əyilib. O qədər çətin idi ki. Ona da, mənə də...
 
Bu gün 50 yaşın tamam olur. “Yaşasaydın” deməyəcəyəm. Sən bizim üçün yaşayırsan. Yüzlərlə, minlərlə insan sənin üçün üzülür, göz yaşı tökür, gedişinə kədərlənir. Qəlblərdə yaşamaq buna deyilir, ay brat. Doğum günün mübarək, Axmed. Bizim üçün sən ölməzsən, sən yaşayacaqsan... biz yaşadıqca!

Amal ABUŞOV