"El-Klasiko" öncəsi 11 xallıq fərq

23 dekabr tarixində futbolsevərlər əzəli rəqiblər - "Real" və "Barselona"nın növbəti duelinə şahidlik edəcəklər. SportLine.az xəbər verir ki, "El-Klasiko" ərəfəsində katalonlar paytaxt təmsilçisindən 11 xal öndədirlər.

La Liqanın sonuncu turunda "Deportivo" ilə görüşdə aktivinə daha 3 xal yazan "Barselona" "Santyaqo Bernabeu"dakı oyuna lider kimi çıxacaq. "Kral klubu" isə ötən həftə FİFA Klublararası Dünya Çempionatında çıxış etdiyi üçün "Leqanyes"lə görüşü təxirə salınıb. Buna görə, hazırda "Barsa" "Real"ı 11 xal qabaqlayır. Bu xal fərqi "El-Klasiko" tarixində 3-cü böyük fərqdir.

2012/2013-cü il mövsümündə "Barselona" Madridə 16 xallıq üstünlüklə yollanmışdı. Bu, rekord göstərici idi. 1990/1991-ci il mövsümündə isə fərq 13 xal idi və bu dəfə də üstün tərəf Kataloniya klubu idi.

Qeyd edək ki, İspaniya La Liqasının 16-cı turu çərçivəsində keçiriləcək "Real" - "Barselona" görüşü Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.