Elbrus Rzayev: "Hədəf İspaniyada dünya birinciliyində ölkəmizi layiqincə təmsil etməkdir"
“Mən deyərdim ki, boksçularımız Gürcüstandakı turnirdə çox yaxşı iştirak etdilər. Hətta Qazaxıstanın çox güclü idmançıları olmasına baxmayaraq, bizim komandamızın üzvləri onları üstələməyi bacardılar. Bundan başqa 3 ermənistanlı boksçuya da qalib gəldik və yekunda komanda hesabında birinci olduq”.
Bu sözləri Sportline.az saytına açıqlamasında Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi Kandelakinin şərəfinə gənc boksçular arasında keçirilən ənənəvi beynəlxalq turnirdə 10 medalla birinci olan gənclərdən ibarət komandamızın baş məşqçisi Elbrus Rzayev bildirib. Seçməmizin yarışdakı çıxışını yüksək qiymətləndirən mütəxəssis qarşıdakı hədəflərdən söz açıb:
“Gələn ay Batumidə beynəlxalq turnir olacaq. 1 həftə istirahət edəcəyik. Sonra məşqlərə başlayacağıq. Hədəf noyabrda İspaniyada dünya birinciliyində ölkəmizi layiqincə təmsil etməkdir. Gürcüstanla birlikdə təlim-məşq toplanışı olacaq. Daha sonra özbəkistan komandası ilə birlikdə hazırlıq prosesi keçəcəyik”.