Əliyar Ağayev Dünya çempionatının pley-offuna təyinat aldı

19 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti təyinatlar açıqlanıb. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, UEFA yarışın yarımfinal matçlarını idarə edəcək hakimləri müəyyənləşdirib.

Yarışdakı yeganə Azərbaycan təmsilçisi Əliyar Ağayev yarımfinallardan kənar qalsa da, UEFA ona da təyinat verib.

Belə ki, ənənəvi yarımfinallarla yanaşı, bu dəfə U-20-lər arası dünya çempionatının pley-off matçı da baş tutacaq. Qrup üçüncüləri qeyri-rəsmi 5-ci yer uğrunda oyunda gələn il baş tutacaq mundiala Avropadan 5-ci vəsiqənin sahibini müəyyənləşdirəcək.

Almaniya ilə Hollandiya arasında baş tutacaq qarşılaşmaya təyinat alan Ağayev görüşün dördüncü hakimi olacaq. Qrup mərhələsində iki dəfə baş, bir dəfə dördüncü olan həmyerlimiz yarışda 4-cü təyinatını alıb.

Qeyd edək ki, yarımfinal və pley-off matçları sabah baş tutacaq. Sandhauzendə keçiriləcək Almaniya – Hollandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.