Elvin Məmmədov: "Ölkə xaricinə getməyimlə bağlı müxtəlif variantlar olub"

"Karyeramı bitirmək haqda düşünmürəm. İstənilən Azərbaycan komandasında oynaya bilərəm”.

Sportline.az xəbər verir ki, bunu Fanat.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov deyib. Qışda "Zirə”dən ayrılan Məmmədov yeni mövsümü gözlədiyini bildirib:

"İş elə gətirdi ki, yarım mövsüm peşəkar futboldan uzaq qaldım. Ancaq bütün komandaların martdan bəri oyun keçirmədiyini, uzun müddət məşq etmədiyini nəzərə alsaq, vəziyyət o qədər də gərgin deyil. Müntəzəm məşq edirəm, fərdi proqram üzrə hazırlaşıram. İcazə veriləndən sonra mini-futbol da oynayıram. Karyeramdakı fasilə mənim üçün düşünmək, hər şeyi yenidən götür-qoy etmək üçün yaxşı bir fürsətdi. Hər hansı zədəm yoxdu. Meydana çıxmağa, mübarizə aparmağa heç vaxt olmadığı qədər həvəsliyəm. Əsas məqsədim özümü sübut etmək, əvvəlkindən zəif olmadığımı göstərməkdi. Buna gücüm çatacağına əminəm”.
 
31 yaşlı futbolçu aldığı yeni təkliflər haqda belə danışıb:

"Açığı, real olmayan təkliflər haqda danışmağım düzgün çıxmaz. Ölkə xaricinə getməklə bağlı müəyyən variantlar olub. Ancaq koronavirus pandemiyasına görə son nəticədə alınmayıb. İndi həmin təkliflərin hardan gəldiyini söyləməyim nəyisə dəyişməyəcək. Hədəfim bu yay müntəzəm oynaya biləcəyim klubların birinə keçməkdir”.