Emil Balayev təkliflərdən danışıb

Azərbaycan millisinin və Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev müsahibə verib.

 

- Emil, "Tobol"da işlərin necə gedir? 

- Çox mehriban kollektivimiz var və qapıçılar öz aralarında bir-birilərə çox yaxşı münasibət bəsləyirlər. Mən xüsusilə bunu qeyd etmək istəyirəm. Pis və ya yaxşı çıxışından asılı olmayaraq yoldaşlarının sənə səmimi davraması çox müsbət aspektdir. Jasur Narzikulov da, Sultan Busurmanov da heç bir şeyə baxmayaraq hər oyundan sonra dəstək olurlar. Belə dəstək görmək sənə böyük güc və əminlik bəxş edir. 

- Azərbaycan və Qazaxıstan futbolunu müqayisə edərdin...

- Çempionatları müqayisə etsək, Qazaxıstanda komanda sayı Azərbaycandan daha çoxdur. Qazaxıstan çok böyük ölkədir, ərazisinə görə dünyada 9-cu pillədə qərarlaşıb, ona görə səfər oyunları üçün uzun məsafələr qətt edirik. Bu da çox maraqlıdır. İlk vaxtlar alışmaq çətin idi, ancaq artıq adaptasiya olduğum üçün hər şey normaldır. 

Oyun baxımından müqayisə edəndə isə, Qazaxıstanda atletik, Azərbaycanda isə texniki futbola üstünlük verilir. 

- Azərbaycan klublarından təklif olsa, qayıdarsan bura? 

- Açığını desəm, təklif barədə heç nə düşünmüməmişəm. Hazırda müqaviləm var və il hələ irəlidədir. İndi sadəcə klubumun uğurları barədə düşünürəm. Ona görə də heç bir variantlara baxmıram. Mənimlə əlaqə yaratmağa çalışanlar belə, əvvəlcə "Tobol" rəhbərliyi ilə danışmalıdır. Biz peşəkar futbolçularıq və işimizə peşəkar yanaşmalıyıq. 

- Xorvatiya ilə oyunda milli komandada debüt oyununa çıxdın və matçdan sonra təriflərə layiq görüldün. Bu oyunla bağlı təəssüratların...

- Oyundan əvvəl çətin rəqibə - dünya çempionatının gümüş mükafatçısına qarşı oynacağımızı dərk edirdik. Bizi yüksək səviyyəli futbol gözlədiyini bilirdik və komanda olaraq oyuna hazırlaşırdıq. Bizdə böyük istək vardı. Xüsusilə də məndə. Çünki bu mənim millidə debüt oyunum idi. Belə oyunlarda hər futbolçuda həyəcan olur. Ancaq bu hiss mənə mane olmadı. Mən oyuna köklənmişdim və diqqətli idim. Allaha şükürlər olsun ki, bu oyun millimiz üçün uğurlu alındı. 

sport7.az