"Əziz Şuşa" beynəlxalq velosiped yarışı keçiriləcək
Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə iyunun 7-dən 11-dək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa” beynəlxalq velosiped yarışı keçiriləcək.
Sportline.az xəbər verir ki, şose velosipedinin qrup ötüşməsi növü üzrə təşkil ediləcək veloturda 16 ölkədən 18 komandanın tərkibində 100-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnirə iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 km məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər.
İdmançılar iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km, iyunun 9-da Qəbələdən Gəncə şəhərinin mərkəzinə qədər 170 km, iyunun 10-da Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 km, iyunun 11-də isə Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafədə yarışacaqlar.
Qeyd edək ki, beynəlxalq turnirin nəticələrinə əsasən velosipedçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanacaqlar.