Federasiya Ronaldu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Portuqaliya Futbol Federasiyası (FPF) Kriştianu Ronaldunun Qətərdəki dünya çempionatı zamanı millinin düşərgəsini tərk etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, FPF 37 yaşlı hücumçunun yığmanı bu mövzu ilə bağlı hədələmədiyini bəyan edib.

Federasiya Ronaldunun millidə nailiyyətlər əldə etdiyini və komandaya çox bağlı olduğunu diqqətə çatdırıb.

Portuqaliya yığmasının İsveçrə üzərində 6:1 hesablı qələbə qazandığı qarşılaşmaya ehtiyatdan başlayan Ronaldu 74-cü dəqiqədə əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Mərakeşlə qarşılaşacaq.