FİFA-nın yeni prezidenti bəlli oldu

Bu gün FİFA-nın yeni prezidenti müəyyənləşib.

SportLine.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən Növbədənkənar Konqresdə ali quruma rəhbərliyə iddialı 4 namizəd - İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, UEFA-nın baş katibi Canni İnfantino, Asiya Futbol Konfederasiyasının  prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və sabiq FİFA baş katibinin köməkçisi Jerom Şampan arasında səsvermə keçirilib.

Əsas mübarizə Canni İnfantino ilə Şeyx Salman ibn-İbrahim əl-Xəlifə arasında gedib. C.İnfantinoya milli federasiyaların 88, əl-Xəlifəyə  85 nümayəndəsi  səs verib. Digər namizədlər Əli bin əl-Hüseyn 27, Jerom Şampan 7  səs yığıb.

Birinci turda heç bir namizəd qalib olmaq üçün səslərin 2/3 hissəsini toplaya bilmədiyi üçün FİFA prezidenti növbəti turda müəyyənləşib.

Bu mərhələdə isə hər kəsi qabaqlayan İnfantino ali futbol qurumunun yeni prezidenti olub.
 
O, mümkün olan 207 səsdən 115-ini qazanaraq, ikinci turdakı ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayıb.

Qeyd edək ki, konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.