Fuad Quluzadə: "Avropa çempionatında əsas məqsədimiz çempion olmaq idi"
Azərbaycanın bodibildinq üzrə milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.
Sportline.az xəbər verir ki, yığmamızın yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandığını xəbər vermişdik. Belə ki, 95 kq-dək kateqoriyada iki idmançımız - Fuad Quluzadə gümüş medal qazanaraq ikinci, Nizami Misirov bürünc medalla üçüncü yeri tutub. Eyni zamanda “Muscular Men’s physique” kateqoriyadında Rasim Həsənov qızıl, İmaş Quluzadə isə +182 sm kateqoriyasında “Men's physique” (çimərlik bodibildinqi) kateqoriyasında bürünc medal qazanıb. Beləliklə, Azərbaycanın bodibildinq üzrə yığma komandası Avropa çempionatını 4 medalla başa vurub.
Beynəlxalq arenalarda uğurla çıxış edən, Azərbaycan bayrağını dünya miqyasında dəfələrlə dalğalandıran, həmçinin İdman TV-nin məşhur aparıcılarından Fuad Quluzadə saytımızın qonağı olub. O, azarkeşləri maraqlandıran bütün suallara cavab verib.
- Fuad, əvvəlcə səni Avropa çempionatının mükafatçısı olduğun üçün təbrik edirik. Öncə yarışdakı nailiyyətin və millimizin çıxışını necə dəyərləndirirsən?
- 4 nəfərdən ibarət milli komandamız, yəni iki idmançı bodibildinq, 2 nəfər isə, fiziks üzrə yarışlarda iştirak etdi. Viza məsələlərinə görə, yarışa qeyri-müəyyən şəraitdə hazırlaşdıq. Bizə viza veriləcəyindən əmin deyildik. Bu da bizə bəzi çətinliklər yaradırdı. İspaniyalı idmançı cəmi 4-5 xalla məndən üstün oldu. Burada qrim və idmançının göstərdiyi pozalar və digər nüanslar onu məndən önə atdı. Bununla belə mən yarışda öz sözümü dedim. Yarışda Azərbaycan millisi, ümumilikdə, 4 idmançı ilə təmsil olundu və hər biri ölkəmizə medalla qayıtdı. Komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə etdi. Mən isə gümüş medal qazandım. Çox sağ olun ki, bizim uğurumuzu işıqlandırırsınız.
- Yarışa hazırlıq yəqin ki, heç də asan başa gəlməyib...
- Yarışa hazırlıq çox çətin oldu. Bildiyimiz kimi, zallar pandemiya səbəbindən bağlıdır. Bəzi idmançılar işdə, bəziləri isə evdə hazırlaşırdılar.
- Avropa çempionatı ərəfəsində sözsüz ki, qidalanmaya xüsusi fikir vermisən. Tam olaraq necə qidalanırdın?
- Müəyyən məhsulları qida rasiyonumuzdan çıxarırıq. Yalnız zülal məhsulları qalır. Enerji verən məhsulların hamısını rasiyondan çıxardığımız üçün bizə həddən artıq çətindir. Gün boyu halsızlıq, hormonal dəyişikliklər, baş ağrısı, gücsüzlük bizim idmançılarda özünü büruzə verir. Əslində, bu, bizdə normal prosesdir. Ancaq kənardan bizə normal baxmırlar.
- Yarışa hansı məqsədlə qatılmışdın? Çermpionluğa nə mane oldu?
- Təbii ki, Avropa çempionatında əsas məqsədimiz çempion olmaq idi. Mən daha əvvəl dünya və Avropa mükafatçısı olmuşam. Professional Liqanın üzvüyəm. Professional Liqada çıxış etməməyimin səbəbi isə, bu yarışda ölkəni təmsil etməyin mümkün olmamasıdır. Buna görə də Azərbaycanı təmsil etmək üçün hələ də həvəskarlar liqasında qalmışam. Bayrağımızı yenidən ucaltdığım üçün fəxr edirəm.
- Gənclərə ev şəraitində məşq edib gözəl bədən quruluşuna sahib olmaq üçün nələri tövsiyə edirsən?
- Gənclərə ev şəraitində məşq etməyi məsləhət görürəm. Məlumdur ki, pandemiya səbəbindən insanlarda çəki problemi var. Buna görə də ən azından qaçmaq, yerimək və sadə idman hərəkətləri ilə öz sağlamlıqlarını qorusunlar və təbii ki, zərərli vərdişlərdən uzaq olsunlar.