Fuad Rzayev: "Nəticəyə görə Yüksək Liqaya vəsiqəni təmin etmişik"

Futzal üzrə Azərbaycan 1-ci Liqasının qalibi "Şamaxı"nın baş məşqçisi Fuad Rzayevin Sportline.az saytına müsahibəsini təqdim edirik.

- Mövsümü necə dəyərləndirirsiniz?
- Bizim üçün ağır mövsüm keçdi. Düzdür, oyunlarımız yaxşı alındı, pley-offa qədər cəmi 1 məğlubiyyət və 1 heç-heçə etdik. pley-off mərhələsinə ilk pillədə yollandıq. Yarımfinalda iki oyunun nəticəsində üstün olduğumuza görə finala adladıq. Final çox çətin keçdi, ardıcıl qollar vura bildik və çempion olduq.

- Yüksək Liqaya çıxmaq ehtimalınız varmı? Bu, nə dərəcədə realdır?
- Nəticəyə görə Yüksək Liqaya vəsiqəni təmin etmişik. Geridə qalan bir neçə məsələ var ki, onlar da bilinəndən sonra dəqiq nəsə demək olar.

- "Çempion heyəti dəyişməzlər" deyə bir məsəl var. Bəs siz komandada dəyişiklik etməyi düşünürsünüzmü?
- Heyətimiz təcrübəli və gənc futbolçuların sintezidir. Maksimum çalışacağıq ki, heyəti qoruyaq və bir neçə daha təcrübəli futbolçu cəlb etməklə heyəti daha da gücləndirək. Hələ ki, mövsüm yeni başa çatıb, kifayət qədər vaxtımız var.