Gənc ağır atletlərin Azərbaycan birinciliyində ilk gün

Gənclər arasında Azərbaycan birinciliyində ilk yarış günü arxada qalıb.

Sportline.az xəbər verir ki, bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başlanıb.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Onlar mütləq qalibləri Sinkleyr cədvəlinə uyğun müəyyən ediblər. Yaşı 20-yə qədər olan qadınların mübarizəsində toplam 172 kq (74+98) nəticə və 249.5 xalla Səbinə Əzimova, 23 yaşlılarda isə 152 kq (67+85) nəticə və 233.4 xalla Mərizyyə Məhərrəmova qızıl medal əldə edib. 

Kişilər arasında körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olan atletlər çıxıblar. Qobustanlı Tehran Məmmədov toplam 196 kq (90+106) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib olub. İkinci pillədə toplam 190 kq (86+104) nəticə ilə İsmayıl Məmmədov, üçüncü pillədə isə 176 kq (80+96) nəticə ilə Əvəz Tağıyev qərarlaşıb.

Günün sonunda kişilər arasında çəkisi 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. Toplam 226 kq (100+126) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elşn Məmmədov qalib adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 222 kq (101+121) nəticə ilə Rusif Əhmədov, toplam 218 kq (98+120) nəticə ilə Ömər Cavadov tutublar.

Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzə yaxın atlet iştirak edir. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.