Gənclər və İdman Nazirliyinin 26 illik tarixinə qısa baxış
İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 26 illiyi tamam olur. Ulu öndər Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Bəs, görəsən, nazirliyin 26 illik tarixi necə yadda qalıb?
Sportline.az Bakusport.az-a istinadən xəbər verir ki, bu suala nazirliyin mətbuat katibi Səmayə Məmmədova belə cavab verib.
“26 illik tarixə nəzər salsaq, gənclər siyasətindən danışılırsa, mütləq dövlət proqramı vurğulanmalıdır. Bu proqramların hər biri müxtəlif sahələri əhatə edir. 2007-ci il “gənclər ili”, 2020-ci il isə “könüllülər ili” elan olundu. Bu da o deməkdir ki, gənclər hər zaman diqqət mərkəzindədir.
İdman sahəsindən danışırıqsa, Bakıda keçirilən Avropa Oyunları, 4-cü İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, şahmat olimpiadası, idmançılarımızın 4 ildən bir yollandığı olimpiya oyunlarını vurğulamaq lazımdır. Ölkə başçısı cənab İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Buna görə də, idmana xüsusi diqqət və qayğı var. İdmançılar tərəfindən qazanılan hər medalın, qələbənin nəticəsi olaraq, onların sosial rifahının daha da yaxşılaşdırılması üçün ölkə başçısı hər ilin sonunda idmançılarla görüşür, onlara ev, müxtəlif mükafatlar, adlar verilir. Ölkəmizdə ilbəil beynəlxalq yarışların sayı artır.
Sonda Gənclər və İdman Nazirliyinin bütün kollektivini təbrik edir, yeni uğurlar arzulayıram”.