Güləş Federasiyasının vitse-prezidenti Olimpiya çempionunu tənqid etdi
Bakı İdman Sarayında güləş üzrə böyüklər arasında ölkə çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov yarış haqda təəssüratlarını SportLine.az saytı ilə bölüşüb.
- Bu dəfəki yarış əvvəlkilərdən nə ilə fərqlənir?
- Son vaxtlar keçirdiyimiz yarışlar yüksək təşkilatçılığı ilə seçilir. Bu dəfəki ölkə çempionatı da möhtəşəm Bakı İdman Sarayında keçirilir. Məqsəd, idmançıların yarışa ciddi yanaşmasını təmin etməkdir.
Sevindirici, haldır ki, ölkə birinciliyində regionlardan da kifayət qədər idmançı iştirak edir.
- İştirakçıların hazırlıq səviyyəsini necə dəyərləndirirsiniz?
- Ötən il güləşçilərimiz bir sıra mötəbər yarışlarda uğurlu nəticələr göstərdilər. Lakin bu yarışda həmin uğurlu çıxışlardan əsər-əlamət yoxdur. Böyük yarışlarda qalib gələn idmançılarımız bu turnirdə sönük təsir bağışlayırlar. Xüsusilə, Olimpiya çempionumuz Toğrul Əsgərovu qeyd etmək istərdim. O, yarışda zəif çıxışı ilə yadda qaldı. Belə idmançılar məsuliyyətlərini dərk etməli və hər bir yarışa ciddi yanaşlamalıdırlar. Toğrul kimi idmançıların öz azarkeşləri var. Bu gün onu izləməyə gələnlər məyus oldular. Bu yarış internet vasitəsilə də yayımlanır və Toğrulun rəqibləri də onun görüşlərini izləyirlər. Belə zəif çıxışlar idmançılara beynəlxalq yarışlarda çətinlik yarada bilər.
- Gələn il bizi Olimpiya Oyunları gözləyir. Federasiya zəif çıxışla yadda qalan idmançılarla bağlı hansı tədbirləri görəcək?
- Olimpiadaya az qalır. Bizim bu il təşkil etidiyimiz bütün yarışlar Olimpiadaya hazırlıq xarakteri daşıyır. Həm güləşçilər, həm də onların məşqçiləri belə yarışlarda zəif tərəflərini görürlər. Bu cür yarışlar özünü sınamaq üçün gözəl fürsətdir. Zəif çıxışla yadda qalan idmançılardan hazırlıq səviyyələrini artırmaq tələb olunacaq.
- Federasiya tərəfindən qarşıdakı Olimpiya Oyunları üçün məşqçilərin, idmançıların qarşısına hansı tələblər qoyulub?
- Ən azından, nəticələrimizi təkrarlamaq. Federasiya tərəfindən idmançılara əla şərait yaradılıb. Bu da onlara yüksək səviyyədə hazırlıq keçməyə imkan verir. Buna görə də, idmançıların, məşqçilərin qarşısına qalib gəlmək tələbi qoymağa tam haqqımız çatır.