Güləşçilərimiz dünya birinciliyinin finalında
Oktyabrın 28-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı başlayıb.
Sportline.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə start veriblər.
Güləşçimiz Əfqan Xaşalov (57 kq) son saniyələrdə üstünlüyü əldən verərək kubalı rəqibinə uduzub. Ancaq rəqibin finala yüksəlməsi həmyerlimizə təsəlliverici görüşə çıxmaq imkanı qazandırıb.
Mübarizəyə 1/8 finaldan qoşulan Turan Bayramov (65 kq) kanadalı həmkarını məğlub edib. Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. Həlledici görüşdə T. Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olacaq.
Davud İbrahimov (70 kq) debütdə çətinliklə də olsa, İsveçrə təmsilçisini üstələyib. ABŞ güləşçisi ilə görüş də gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda D.İbrahimov minimal hesablı qələbə ilə sevinib. Ancaq təmsilçimiz 1/4 finalda Rusiya idmançısı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə çıxacaq.
Abubakr Abakarov (79 kq) mundiala inamlı start verib. Titullu güləşçimiz ilk mərhələdə qırğız rəqibinə vaxtından əvvəl qalib gəlib. Təmsilçimiz daha sonra Rusiya güləşçisini tam üstünlüklə yenib. Yarımfinalda Moldova idmançısını çətinlik çəkmədən ilk hissədə məyus edən A. Abakarov adını yarımfinala yazdırıb. Hindistan güləşçisinə də aman verməyən güləşçimiz finalda güləşmək hüququ qazanıb. Qızıl medal uğrunda görüşdə idmançımız gürcü Tariel Qaprindaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri bu gün keçiriləcək.