Güləşçimiz Avropa çempionatının finalında

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Sportline.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.

Əsgər Əlizadə qitə birinciliyinə inamlı qələbə ilə start verib. O, ilk qarşılaşmada Rumıniya təmsilçisini elə ilk hissədə məğlub edib. Növbəti görüşdə Rusiyanı təmsil edən azərbaycanlıya qalib gələn Əlizadə yarımfinala yüksəlib. Daha sonra o, bolqarıstanlı rəqibini "tuşe" ilə yenərək adını finala yazdırıb. Yığma üzvü bu gün final qarşılaşmasına çıxacaq.

Niyaz Ərzumanov ilk görüşdə Finlandiya təmsilçisinə qalib gəlib. Ancaq daha sonra o, Macarıstan güləşçisinə məğlub olub.

Ülvi Qənizadə startda Almaniya idmançısını üstələyib. Ötən il analoji yarışın baş mükafatına yiyələnən azərbaycanlı güləşçi növbəti qarşılaşmada Finlandiya idmançısını vaxtından əvvəl məyus edib. Lakin o, 1/4 finalda Rusiya güləşçisi ilə bacarmayıb.

Tarış Əbilov debütdə macarıstanlı pəhləvana müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Əbilov iyunun 5-də təsəlliverici görüşə çıxacaq.


60 kq
1/8 final. Əsgər Əlizadə - Manuel Stoyka (Rumıniya) - 12:3
1/4 final. Əsgər Əlizadə - Anar Mansurov (Rusiya) - 3:1
1/2 final. Əsgər Əlizadə - İvo Krasimirov İliyev (Bolqarıstan)

67 kq
Təsnifat. Niyaz Ərzumanov – Coni Pekka Komppa (Finlandiya) - 2:0
1/8 final. Niyaz Ərzumanov - Kristian İştvan Vança (Macarıstan)

72 kq
Təsnifat. Ülvi Qənizadə - Erik Loser (Almaniya) - 2:1
1/8 final. Ülvi Qənizadə - Akseli Elias Hannuksela (Finlandiya) - 9:0
1/4 final. Ülvi Qənizadə - Sergey Stepanov (Rusiya) - 4:6

97 kq
Təsnifat. Tarış Əbilov – Aleks Gerqo Şoke (Macarıstan) - 0:9