"Hakimin səviyyəsi..."

Futzal üzrə Çempionlar Liqasının əsas mərhələsində "Araz"ın rəqibi olacaq "Uraqan" Ukrayna çempionatında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, İvano-Frankovski təmsilçisi "Sokol"la qarşılaşmada xal itirib - 4:4.

"Uraqan"ın baş məşqçisi Maksim Pavlenko isə hakimləri günahlandırıb: 

"Rəqib demək olar ki, bütün səhvlərimizdən istifadə etdi. Üç "dördlük"lə oynamağa başladıq, amma oyun istədiyimiz kimi getmədiyindən "iki heyət"lə oynamağa məcbur olduq. Bununla belə, yenə oyunumuz qüsurlu idi.

Səhvləri təhlil edəcəyik və növbəti turdakı rəqibimiz HİT-lə oyuna hazırlaşacağıq. 

Komandamın zəif oyunu öz yerində, mən son illərin ən keyfiyyətsiz hakimliyini qeyd etmək istərdim. Bugünkü hakimin səviyyəsi Ekstraliqanın tələblərinə cavab vermir. İkinci hissənin 8-ci dəqiqəsində bizə qarşı artıq 5 qayda pozuntusu verilmişdi, əksəriyyəti də azarkeşlərin və rəqib komandanın üzvlərinin qışqırığına görə idi. Hər səsə fit çalırdı.

Futbolçularımızın aldığı sarı vərəqələr tamamilə absurd əsaslarla göstərilir. Heyf ki, hakimlərin qərarları qarşılaşmanın axarına təsir etdi və oyunu korladı. Özümə bəraət qazandırmıram, amma bu fakta göz yummaq olmaz".

Qeyd edək ki, əsas mərhələdə 6-cı qrupda yer alan “Araz” "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "United Qalati" (Rumıniya) komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları 26-31 oktyabr tarixlərində Ukraynada keçiriləcək. Qrup mərhələsini birinci pillədə yekunlaşdıracaq komanda elit-raundda oynamaq hüququ qazanacaq.