Hikmət Hacıyev: "23 medal qazanaraq komanda şəklində kubokun sahibi olduq"
1-3 iyul tarixində Abşeron Olimpiya İdman Kompleksində kikboksinq üzrə XXVI gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.
Sportline.az xəbər verir ki, yarışda 80-ə yaxın klubdan 500-dən çox idmançı mübarizə aparıb.
Yarışla bağlı yeniyetmə və gənclərdən ibarət millimizin baş məşqçisi Hikmət Hacıyev Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətinə fikirlərini bildirib:
“Turnirin əsas məqsədlərindən biri ölkəmizdə kikboksinqin populyarlığını artırmaqla yanaşı, İtaliyada keçiriləcək dünya birinciliyinə gedəcək milli yığma komandanın tərkibinin müəyyən olunması idi. Yarış WAKO qaydalarına əsasən, low-kick versiyası üzrə keçirilirdi. Üç gün möhtəşəm davam edən yarışın ardından Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti 23 medal (9 qızıl, 2 gümüş, 12 bürünc) qazanaraq komanda şəklində kubokun sahibi oldu. Yarışın nəticələrinə əsasən, fəxri kürsüyə layiq olan döyüşçülər milli yığma komandanın tərkibinə salındı və dünya birinciliyində iştirak etmək hüququ qazandı. Növbəti günlərdə yarışa hazırlıq məqsədi ilə milli yığma komandanın birgə məşqləri təşkil ediləcək”.
Qeyd edək ki, yeniyetmə və gənclər arasında dünya çempionatı İtaliyanın kurort şəhəri olan Yezoloda (Venesiya vilayəti) 30 sentyabr – 9 oktyabr tarixlərində keçiriləcək.