İki qız güləşçimiz Avropa çempionatının yarımfinalında

Azərbaycanın iki qız güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalına yüksəlib.

Sportline.az xəbər verir ki, Elvina Kərimzadə (43 kq) A qrupunda keçirdiyi ilk görüşdə ukraynalı Anastasiya Polskaya məğlub olsa da, ardından Azra Azisova Mustafova (Bolqarıstan) və Elvira Draqana (Rumıniya) tam üstünlüklə qalib gələrək qrup ikincisi kimi yarımfinala adlayıb. Bu mərhələdə onun rəqibi almaniyalı Jozefin Vrenş olacaq.

49 kq-da yer alan Ruzanna Məmmədova öncə ispaniyalı Kandela Giraldes Markesə "tuşe" ilə qalib gəlib. Növbəti görüşdə rumıniyalı Ana Mariya Rotaruya da eyni aqibəti yaşadan Ruzanna adını yarımfinala yazdırıb. O, finalın bir addımlığında türkiyəli Şevval Çayırla üz-üzə gələcək.

Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqa "tuşe" ilə qalib gəlsə də, 1/4 finalda türkiyəli Tuba Demirə uduzub.

Fatimə İsayeva (65 kq) isə ilk görüşdə almaniyalı rəqibinə məğlub olub.

Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.