"İkinci pilləni tutmaq üçün mübarizə aparacağıq" - "Neftçi”nin kapitanı

Yüksək Liqanın XXII turunda "Yasamal”la qarşılaşan və növbəti qələbəsini qazanan "Neftçi”nin kapitanı Rüfət Balakişiyev Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb. SportLine.az həmin müsahibəni təqdim edir...

- Oyunun əvvəli komandanız üçün yaxşı alınmadı...

- Tək bu oyun deyil, çempionat bizim üçün yaxşı keçmədi. Bunun da əsas səbəbi heyətin komplektləşməməsidir. Üstəlik, oyunlarda tez-tez zədələnmələr, qırmızı vərəqəyı görə kənarda qalmalar çıxışımıza mənfi təsirini göstərməyə bilməzdi. Bəzi oyunçuların dəvət edilməsi, ümidləri doğrultmaması komandamızın gücünə və turnir cədvəlindəki mövqeyimizə təsir etdi. Məşqlərimizi vaxtında keçirik, ciddi hazırlaşırıq, sadəcə, heyətə hər dəfə yeni oyunçunun gəlməsi, kömək edə bilməməsi planlarımızı pozdu. Əksəriyyəti gənc olduğuna görə, peşəkarlıqdan bir qədər uzaqdırlar. Bunun düzəlməsi üçün bir qədər vaxt lazımdır.

- EKOL-la oyunda müəyyən məqam oldu ki, futzalçılar arasında gərginlik yaşandı. Nə baş verdi həmin anda? 

- "Yasamal”la oyunlarımız hər zaman gərgin keçir. Sanki ortada bir prinsipiallıq var. Oyunçuların adi epizod zamanı bu qədər gərginlik yaratmaları peşəkar olmamalarından irəli gəlir. Oyunda gərginlik olar, amma hakimin müdaxiləsindən sonra hər iki tərəf səhvini anlayar və oyuna davam edər. Kənardan yaxşı görünmür. Oldu, keçdi.

- Hər iki komanda qələbə qazanmaq üçün güzəştsiz mübarizə apardı. Ola bilərmi, ötən çempionatda "Yasamal”ın formasını geyinən, amma bu mövsümün qış fasiləsinə qədər "Neftçi”də çıxış edən Sadiq Cavidin yenidən əks-marşurut üzrə hərəkət etməsi vəziyyəti bir qədər də gərginləşdirsin?

- Sadiqin bizim komandadan ayrılmasının, bu oyunda özünü sübut etməyə çalışmasının da təsiri var. Əslinə, bu, pis istək deyil. Futzalçının daxilində zəif olmadığını göstərmək istəyi, yanqısı ola bilər. Hörmətlə yanaşmaq lazımdır. 

- Heyətə gəlib-gedənlərdən danışdın. Qış fasiləsində komandaya qoşulanlar da geri göndərildilər. Demək olarmı, seleksiya işləri düzgün aparılmadı?

- Bəzi oyunçular ümidləri doğrultmadılar, ancaq baxışa güclü oyunçular da gəlmişdilər. Bilmədiyimiz səbəblərdən onların keçidi alınmadı.

- Bəlkə maliyyə ilə bağlı idi bu keçidlərin alınmaması?

- Hər şey ola bilər. Ancaq ustalıq səviyyələri çox yüksək oyunçular idilər. Burda qalsaydılar, bizə köməkləri çox dəyəcəkdi.

- Mövsüm başa çatmamış 3-4 oyunçunun göndərilməsinin komandanın çıxışına təsiri olacaqmı?

- Təsir etməyəcək. Komandada qalan 8 nəfərlə mövsümü sona çatdıracağıq. Çalışacağıq komandanı üst sıralara daşıyaq. Buna gücümüz də çatacaq.

- Üçüncü pillədəki EKOL-la xal fərqiniz 10 olsa da, ehtiyatda daha 2 oyununuz var. Deməli, fərqi azaltmaq mümkündür....

- Nə gizlədim, ikinci pilləni tutmaq üçün mübarizə aparacağıq. Komandaya belə tapşırıq verilib. Çətin olacaq, ancaq ehtiyatdakı oyunlarımızla bərabər, bizdən üst sıralarda yer alan rəqiblərlə də qarşılaşacağıq. Həmin oyunlarda mütləq qələbə qazanmalıyıq. EKOL büdrəsə, onlara çatacağıq. 

- "Araz” çempionluğu təmin etdi. Deyəsən, mövsümün startında əksər komandalar "Araz”ın zirvədə yer alacağı ilə barışmışdı?

- Mövsümə start verən zaman məqsədimiz çempionluğu qazanmaqla bağlı olur. Ancaq indi elə vəziyyət yaranıb ki, ikinci pillə real görünür. "Araz” həqiqətən güclü komandadır və millinin bazasıdır. Bizdən güclüdürlər, bunu oyunlarda da sübut etdilər. Hərçənd cari çempionatda hələ ki onlardan xal alan yeganə komanda "Neftçi”dir. Onları da çempion olmaları münasibətilə təbrik edirəm.

- Çempionata başlayan zaman sona yaxın turnir cədvəlinin bu şəkildə olacağını gözləyirdinmi?

- Həqiqətən gözləmirdik. Əvvəldə söz verilmişdi ki, güclü oyunçular gələcək. Ancaq gözlədiyimizi görmədik, gələnlər tərif olunan səviyyədə deyildilər. Artıq bu haqda düşünmək gecdir. Heç olmasa qalan oyunlarda qalib gəlib, mövqeyimizi düzəltməliyik. Hazırkı mövqe "Neftçi”nin adına görə ayıbdır. Heç vaxt "Neftçi”ni bu yerdə görməmişik. Düzdür, hazırkı çempionatda yaxşı komandalar var. "Marafon Futsal”dan tutmuş "FK.İD.Futsal”a qədər hamısı mübarizə aparır. Biz də yerimizi bilirik, üst sıralardadır.