İlham Zəkiyev üçün "yaşın nə fərqi var ki"?
Sportline.az Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin "Report"a müsahibəsini təqdim edir.
- Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının vaxtının dəyişdirilməsi qərarını necə qarşıladınız?
- Bu, çox lazımlı addım idi. Bəlkə də, bu xəbər hər bir idmançını sevindirdi. Çünki tək Azərbaycanda deyil, dünyanın 200-dən çox ölkəsində bu virusla mübarizə aparılır, karantin rejimləri tətbiq olunur. Ölkəmizin bütün idman zalları bağlıdır, yaxşı məşq edib hazırlaşa bilməyəcəkdik. Tokiodakı yarışın vaxtı dəyişməsəydi, çox ədalətsiz qərar olardı. Biz pik formamızı yığmadan Oyunlara yollanacaqdıq. Evdə məşq etməklə olimpiadada çıxış etmək yaxşı olmayacaqdı. Qazandığımız nəticələr də ürəkaçan olmazdı. Tək biz yox, bütün ölkələrdə vəziyyət belədir. İdmançılar hazırlaşıb, özlərini yaxşı tərəfdən göstərə bilməyəcəkdilər. Vaxtın dəyişdirilməsi isə yaxşı oldu. Karantin tezliklə başa çatar, virusa hamılıqla qalib gələrik, sonra da məşqlərə başlayarıq. Artıq Paralimpiya Oyunları üçün kifayət qədər vaxtımız var. İnanıram ki, ölkəmizi layiqincə təmsil edəcəyik.
- Növbəti il 41 yaşınız olacaq. Bu, sizin Paralimpiya Oyunlarında iştirakınıza necə təsir göstərəcək?
- Belə bir problem yoxdur. 40 və ya 41 eyni şeydir. Burada böyük problem görmürəm. Hazırlaşacağıq, təki zədəmiz olmasın. Xırda zədələr var idi, onlar da sağalıb. Azərbaycan bayrağı altında çıxış edən, zədələnən bütün idmançılarımıza Allah şəfa versin. Məşqlərə qoşulacaq, hazırlaşacaq və Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.
- Tokio Yay Paralimpiya Oyunlarından sonra karyeranızı başa vurmaq barədə düşünürsünüz?
- Onu Oyunlar göstərəcək.
- Yaxşı nəticə qazansanız, başa vuracaqsınız?
- Baxacağıq. Öz işimizi sevirik. Nə qədər ki, alınır, güləşəcəyik. Niyə də güləşməyək?! Azərbaycanda ağır çəkidə hələlik bir nömrə bizik. Problem yoxdur, ölkədə gənc kadr gələr və məni üstələyər, kimanomu qatlayıb qırağa qoyaram. Deyərəm ki, get və xeyir-duamı verərəm. Hələ ki, yoxdur, sevdiyimiz işlə məşğuluq, alınır və güləşirik.
- Hazırkı vəziyyət sizin üçün darıxdırıcı deyil?
- Xeyr, darıxdırıcı deyil. Ailəmə vaxt ayırır və uşaqlarla ünsiyyətdə oluram. Allah hamının balasını saxlasın, üç övladım var, onlara vaxt ayırıram. Uşaqların dərsləri ilə məşğul oluruq. İl ərzində təlim-məşq toplanışları səbəbindən çox az müddətdə evdə oluruq. Buna görə də uşaqlara çox vaxt ayıra bilmirdim. İndi isə kifayət qədər vaxtımız var. Evdə məşq edirik, amma əvvəlki effekti vermir. Formada qalmağa çalışırıq. Evdə qalırıq, amma idmandan qalmırıq.