İraq millisi Bakıda keçirilən turnirin qalibi oldu

ABU Arenada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ənənəvi həndbol turnirinə yekun vurulub.

Sportline.az xəbər verir ki, beynəlxalq yarışın son turunun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb. Azərbaycan və Gürcüstanın 24 yaşadək həndbolçulardan ibarət komandalarının qarşılaşması 27-33, əsas millimizlə İraq seçməsinin görüşü isə 21-39 hesabı ilə başa çatıb. Son turun oyunlarında U-24 seçməmizlə əsas millimizin qarşılaşması daha böyük maraq doğurub. Gərgin mübarizə şəraitində keçən oyunda gənc həndbolçular  39-34 hesabı ilə qələbə qazanıblar. İraq komandası isə Gürcüstanın U-24 komandasına aman verməyib - 41:20.

Beləliklə, rəqiblərindən daha üstün çıxış edən İraq seçməsi, xatirə turnirinin qalibi adına layiq görülüb. Gürcüstan komandası 2-ci, Azərbaycanın gənc həndbolçuları 3-cü, əsas millimiz isə 4-cü yeri tutub.

Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov, dəvəti qəbul ediklərinə və maraqlı mübarizəyə görə yarış iştirakçılarına minnətdarlığını bildirib. Bu cür yarışların əhəmiyyətini yüksək qiymətləndirən federasiya rəsmisi, növbəti turnirlərdə komandaların sayının daha da artırılacağına ümid bəslədiyini vurğulayıb.

Baş mükafata sahib çıxan İraq komandasının üzvlərinə, həmçinin fərqlənən digər həndbolçulara, kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.

Xatırladaq ki, 3 gün davam edən yarışda 3 ölkənin kişilərdən ibarət komandaları mübarizə aparırdı.