Güləşçilərimizin növbəti qazancı: 2 "qızıl", 1 "gümüş", 1 "bürünc"

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir. Sportline.az xəbər verir ki, bu növ üzrə yarışın ikinci günündə 4 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

61 kq

Bu çəki dərəcəsindəki təmsilçimiz Hacı Əliyevdir . Dünya çempionu və Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə  1/8 finaldan qatılıb. Onun ilk rəqibi Türkmənistan təmsilçisi Saparmurat Muradov olub. Asan qələbə (10:0) qazanan idmançımız növbəti mərhələdə tacikistanlı Todjiddin Xodjayev üzərində də vaxtından əvvəl qələbə (9:0) əldə edərək, yarımfinala yüksəlib. Bu mərhələdə  Məsud Esmailporjuybari (İran) ilə görüşən Hacı  rəqibinə aman verməyib (8:1). Dünya və Avropa çempionumuz finalda  qırğızıstanlı Alibek Osmonovla üzləşib. Rəqibinə aman verməyən güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

70 kq

Bu çəki dərəcəsində Murtazali Müslimov mübarizə aparır.  İdmançımız 1/4 finalda türkiyəli Zafer Dama ilə üz-üzə gəlib. Müslimov inamlı qələbə (6:0) sayəsində yarımfinalda güləşmək hüququ əldə edib. Murtazalinin final yolundakı son rəqibi Ruslan Sadibakasov (Qırğızıstan) olub. İlk saniyələrdən rəqibə göz açmaq imkanı verməyən 24 yaşlı güləşçimiz  finala adlayıb - 14:3. Həlledici məqamda iranlı Mustafa Hüsseynkaniyə uduzan idmançımız gümüş medalla kifayətlənib.

86 kq

Bu çəkidə təmsilçimiz  Şərif Şərifov  1/8 finalda Nazar Cabir Əl Muşattatı (İraq)  10:0 hesablı məğlub edib. Ardınca pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyən Olimpiya çempionumuz yarımfinalda İran güləşçisi Hassan Yazdaniçaratiyə uduzaraq finala çıxa bilməyib - 11:00. Şərif isə bürünc medal uğrunda Bahodur Kadırovla (Tacikistan) qarşılaşıb. Açıq-aşkar rəqibindən üstün olan Şərif turniri üçüncü sırada başa vurub.

125 kq

Ən ağır çəkidəki idmançımız Cəmaləddin Məhəmmədov mübarizəyə 1/4 final mərhələsindən start verib. Əvvəlcə  Raca Alkradla (Suriya) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə (10:0) çalaraq, yarımfinala adlayıb. Təcrübəli pəhləvan bu mərhələdə iranlı Caber Zadeqzadeyə (İran)  7:3 hesabı ilə qalib gələrək finala çıxıb. Həlledici məqamda Daulet Şabanbayanı da (Qazaxıstan) məğlub edən güləşçimiz komandamızın aktivinə növbəti qızıl medalı yazıdırıb.