Jurnalistlər arasında Zəfər kuboku keçiriləcək
Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.
Sportline.az xəbər verir ki, 15-16 iyulda baş tutacaq yarış İdman Araşdırmalar Mərkəzi və Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcək.
Zəfər Kubokuna hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar.
Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 15-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar.
Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaq, bütün səfər və qidalanma xərcləri "Avrora Qrup"un hesabına ödəniləcək.
İlk 3 yerin sahiblərinə müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.
Qeyd edək ki, püşkatma mərasimi iyulun 7-də Bakıda gerçəkləşəcək.